Xocalı rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər daim diqqət və qayğı ilə əhatə olunublar. Rayonumuzda mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların müraciətlərinin həlli istiqamətində operativ işlər aparılır. Rayon rəhbərliyi və ictimaiyyəti şəhidlərimizin xairəsini əziz tutaraq onların məzarlarını ziyarət edir. Bu mənada Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon prokuroru Əvəz Əliyev, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi qaziləri oktyabrın ayının 14-də Vətən müharibəsi şəhidləri - II Fəxri Xiyabanda dəfn edilmiş Azərbaycan Ordusunun leytenantı Cavadov Namiq Rəhbər oğlunun, Binə Şəhidlər Xiyabanında dəfn olunmuş Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Abdullayev Tural Şakir oğlunun, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədov Nicat Həsən oğlunun, II Fəxri Xiyaban dəfn edilmiş əslən Xocalı rayonundan olan Azərbaycan Ordusunun mayoru Cəfərov Ruslan Gündüz oğlunun məzarını şəhidlərimizin ailə üzvləri ilə birgə ziyarət edib, şəhidlərimizin məzarları önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzüblər. Şəhidlərimizin ruhlarına fatihə oxunub. Şəhid ailələri ilə söhbət zamanı rayonumuzun rəhbəri Şahmar Usubov və digər natiqlər 44 günlük haqq savaşımızın nəticəsində əldə etdiyimiz qələbədən danışıblar. Qeyd olunub ki, qəhrəmancasına torpaqlarımızın müdafiəsi uğrunda döyüşən şəhidlərimizin qanı və canı hesabına Vətən müharibəsində qələbə çalmışıq. Şəhidlərimiz öz canlarını torpaqlarımızın azadlığı uğrunda fəda etdilər. Torpaqlarımızın azadlığı ilə 30 il ərzində ürəyimizdəki yurd həsrəti, Qarabağ nisgili sona çatdı, alnımız açıq, başımız uca oldu. Şəhidlərimizi xalqımız heç bir zaman unutmayacaq.